Azərbaycan istehsalı plagiat film və seriallar (SİYAHI)


Azərbaycanda ən zəif inkişaf edən sahələr sırasında film, serial xüsusi yer tutur.


Uzun illərdir ki, ölkədə keyfiyyətli  film, serial nümunələri  görmək mümkün deyil.  Təbii ki, bu fikri bütün nümayiş olunan televiziya məhsullarına  şamil etmək düzgün olmaz. Bəzən aralarında çox keyfiyyətli  örnəklərə  rast gəlmək mümkün olur. Lakin əfsuslar olsun ki, bu cür örnəklər  bayağı, plagiat nümunələr arasında  itib-batır.

Plagiatdan boş yerə bəhs etmədik. Bu dəfəki yazımızda sırf bu məsələdən bəhs edəcəyik. Minval.info Azərbaycanda nümayiş olunan müasir oğurluq  film, reklam, serial nümunələrini təqdim edir.

Baş rollarında  Fərda Xudaverdiyev, Elməddin Cəfərovun  çəkildiyi, rejissor Samir Kərimoğlunun ekranlaşdırmış olduğu “Xoxan” filmi bir zamanlar çox müzakirələrə səbəb oldu. Filmi bəyənənlər də oldu, bəyənməyənlər də. Lakin film Türkiyə istehsalı olan “Kutsal Damacana” filmindən oğurluq idi.


Digər növbəti  plagiat bir  film isə baş rollarında rəqqasə Oksana Rəsulova və  reper Elşad Xosenin çəkilmiş olduğu “Mələyin öpüşü”dür.  “Mələyin öpüşü” də  müasir izləyicilər arasında çox səs-küy yaratmışdı.  Lakin filmin ssenarisi  amerikan-ingilis romantik-komediya janrında çəkilmiş  “Me before you” filmindən oğurlanmışdı.


2017-ci ildə Cabir  İmanov tərəfindən  ekranlaşdırılmış Planet Parni İz Baku film istehasılı “Ağanatiq” filmi bəyənilməyən, plagiat hesab edilən filmlər arasındadır. Belə ki, filmin ssenarisi  şablon amerikan  aksion  filmləri ilə eynilik təşkil edir.


Həmçinin bir zamanlar Xəzər Tv-də yayımlanmış “Aramızda qalsın” serialı da türklərin məşhur “Çocuklar duymasın” serialından kopyalanmışdı. Hətta yerli serialdakı dialoqlarun orijinalı  ilə eynilik təşkil etməsi də, izləyicilər arasında  serial heç bir populyarlıq qazandıra bilmədi.


Müasir aktyorlarımız arasında Fərda Xudaverdiyev həmişə özünəməxsusluğu ilə seçilib. Belə demək olarsa, o, nə etsə, hər zaman qınaq obyektinə tuş gəlir. Elə onun “Selfinaz” adlı “Stand Up” şousu da türkiyəli aktyor Cem Yılmazın  standup-larına bənzərliyi ilə çox diqqət çəkmişdi. Bu bənzərliyə görə aktyoru tənqid edənlər də çox oldu.


Plagiat filmlər arasına bir zamanlar sabiq ANS Şirkətlər  Qrupu MMC-nin prezidenti Vahid Mustafayevin ekranlaşdırdığı “Xoca” filmini də daxil etmək olar. Film rusiyalı rejissor Aleksandr Kotun 2010-cu ildə çəkmiş olduğu “Brest qalası” filmi ilə eynidir. Hətta “Xoca” filmindəki  müğənni Mina Sovetskayanın oxuduğu mahnı da rusiyalı bard Boris Qrebenşikovun  musiqisi ilə eyniyyət dərəcəsindədir.


Bu siyahının daha da uzatmaq olar.