maraqlı
Dünyadakı məşhur türk və müsəlman MASONLAR
![]() |
Dünyadakı məşhur türk və müsəlman MASONLAR |
Türkiyə mediası yazıb ki, cinayətkar qruplaşmanın lideri 1 milyon 50 min avro verərək, 33-cü dərəcədən mason olub. Oktarın tərəfdarlarından biri deyib ki, təriqət lideri 2012-ci ildə xaricdə daha böyük nüfuz əldə etmək üçün mason olmasının vacibliyini deyib. O da qeyd olunur ki, Oktar hər dəfə 350 min avro olmaqla, 3 dəfə pul verərək, 33-cü dərəcədən mason olmasına nail olub.
Sitat: “Bu vəsilə ilə 2014-cü ildə İtaliyanın xarici işlər naziri Franko Frattini Türkiyəyə gələrək, A.Oktarla görüşdü. Bu loja Vaşinqton lojası ilə ortaq hərəkət etdiyi üçün Trampın prezident olması münasibətilə təşkil olunan qəbul gününə də dəvət alındı. Adnan Oktarı təmsil etmək üzrə Oktar Babuna və yanındakı bir nəfər bu tədbirə qatıldı. Bu dəvətnamələri almaq üçün Adnan Oktar 200 min dollar pul ödədi”.
Yəni belə qənaət yaranır ki, Adnan Oktar mason olub. Ancaq məsələ ondadır ki, o, ilk mason müsəlman deyil. Bundan əvvəl də müsəlman masonlar olub. Hətta məşhur azərbaycanlıların, eləcə də Türkiyənin bir sıra nüfuzlu ictimai-siyasi xadimlərinin mason olduğunu iddia edən yazılar var. Hərçənd bir qayda olaraq, masonluq müsəlmanlar arasında qorxulu, islamiyyət düşməni, müsəlmanları məhv etməyə çalışan gizli güc kimi tanıdılıb.
Bu məsələdə hətta bəzən ifrata varmalar da olur. Bunun əksinə, bəzi Qərb mediası, eləcə də liberal dairələr masonluğun heç də qorxulu olmadığı, sıradan bir təşkilat, daha çox tarixi ənənəsi olan bir qurum kimi təqdim edir və əsasən müsəlmanların masonluq barədə həssaslığını lağa qoyulur.
Ancaq bütün bunlar, yəni həm ifrat qorxulu mason təbliğatı, həm də buna qarşı parodiya formalı əks-təbliğat reallığa kölgə salır. Həmişə olduğu kimi, insanlar güclü təbliğat və əks-təbliğatın dalğası altında itib batır, həqiqəti tapa bilmirlər. Həqiqəti tapmaq isə o qədər də asan deyil. Doğrudanmı masonluq deyildiyi kimi, təhlükəli bir qurumdur, yoxsa ümumiyyətlə, belə bir şey yoxdur, tarixin hansısa qaranlıq səhifəsində qalmış bir ənənənin sönük işartılarıdır?
Mason sözü fransız - “azad bənna” və ya daşyonan kimi tərcümə olunur. Masonluq da, başqa sözlə, “Azad Bənnaların Qardaşlığı” deməkdir. Bəzi fikirlərə görə, masonluq Tövratın təlqinlərini olduğu kimi mənimsəyən yəhudiliyin gizli qollarından biridir. Masonlar yəhudilərlə əlaqələrini gizli tutmağı lazım bilir. XX əsrin II yarısında Türkiyədə masonların təbliğatçısı kimi tanınaraq çap olunan “Mimar Sinan” jurnalı 1983-cü ildə yazırdı: “Rituallarımızda Tövratdan saysız nümunələr var”.
Bəzi iddialara görə, masonluq 14-cü, bəzilərinə görə isə 18-ci əsrdə yaranıb. İlk mason lojası olan Böyük Lojanın 1717-ci ildə Londonda yaradıldığı iddia olunur. Masonların Almaniyada 18-ci əsrdə, eləcə də Böyük Fransa inqilabında böyük rolu olduğu bildirilir. Ancaq eyni zamanda katolikliyin yayğın olduğu ölkələrdə masonlar təqiblərə məruz qalıb. İtaliya, İspaniya və katolikliyin mövcud olduğu digər ölkələrdə liberal partiyaları “mason partiyaları” adlandırıblar.
Mason metafizikası və simvolikası mədəniyyət və incəsənətə böyük təsir göstərib. Motsartın “Sehrli fleyta” əsəri, Londondakı Müqəddəs Pavel kilsəsi, Moskvadakı bir çox kilsələr, ABŞ dollarının dizaynı və s. kimi misallar göstərmək olar. Ancaq masonlar da dünyanın tanınmış fəlsəfi cərəyanlarından çox yararlanıblar. Rus qaynaqlarına görə, masonlar dünyagörüşlərində Pifaqor, Komfutsi, Zərdüşt və bir çox başqa mütəfəkkirlərin fikirlərini mənimsəyiblər.
Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğu bildirilir. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir. Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsirlər boyu müzakirə edilib və daim maraq obyekti olaraq qalıb.
Bəziləri deyir ki, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Lakin çoxları da qeyd edir ki, masonluq dünyada siyasi çaxnaşmaların, humanitar fəlakətlərin yaradılması, onun idarə edilməsində çox maraqlıdır. Və bu məqsədlərini həyata keçirmək üçün müxtəlif taktika və strategiyalardan istifadə edirlər.

Maraqlıdır ki, masonlar arasında müsəlman din xadimləri də olub. Məsələn, iddialara görə, Şeyxülislam Musa Kazim əfəndi Türkiyənin ən böyük mason təşkilatı olan “Azad və Qəbul edilmiş Böyük Mason Lojası”nın üzvü olub. Bundan başqa, Osmanlı dövlətinin 118-ci şeyxülislamı Mehmed Ziyaüddin, Mustafa Sabri də mason lojalarının üzvü olub. 1913-17-ci illərdə baş nazir olmuş Səid Halim Paşanın və daha bir çox Osmanlı rəsmilərinin mason lojaları üzvü olması haqda iddialar mövcuddur.
Mason olduğu iddia edilən məşhur müsəlmanlar sırasında İslam oyanışı və ya siyasi İslamın fikir babaları hesab olunan Cəmaləddin Əfqani, Məhəmməd Əbduh kimi şəxsiyyətlərin də adı var.
Qeyd edək ki, Azərbaycanda mason lojasının yaradılması tarixi 2008-ci il göstərilir. Həmin tarixdə Vaşinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008"i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb.
9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırılaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnamə Böyük Ustad tərəfindən elan edilib.
Mətbuatda dərc olunan yazılara görə, Robert Bağır Heyyət 1938-ci ildə Təbrizdə anadan olub. Gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alğı-satqısı ilə başlayan Bağır Heyyət Amerika vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirən Bağır Heyyət Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türkdilli Nur Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında fəal iştirak edib. O, Avropada bir çox lojalarda müxtəlif vəzifələrdə çalışıb. Bağır Heyyət həm də Rumıniya Milli Böyük Lojasının qurucularından biri, eyni zamanda Rumıniya və digər Slavyan ölkələrində masonluğun təməlini gücləndirmiş şəxsdir.
mənbə: musavat.com