Şirkət yazıçını ikinci dəfə aldadıb: “Proqress 2016” MTK hər mənzili 4 nəfərə satıb



Yazıçı-publisist Rövşən Yerfi (Həsənli) mənzil şirkəti tərəfindən aldadılıb. 

Bu barədə yazıçı Cebhe.info-ya ünvanladığı müraciətində bildirib. Onun sözlərinə görə, tikinti şirkəti ilə bağlı mətbuatda müraciətindən sonra “Abşeron A1” MTK-nın iş icracısı, əslində isə şirkətə rəhbərlik edən Babayev Bakir onu qəbuluna çağırıb:

“Hansı ki, əvvəllər aylarla çalışsam da, heç cür onunla görüşməyə imkan verilmirdi.  Bakir Babayev qəbulunda bildirdi ki, “AbşeronA1”MTK-nın möhür və blanklarından istifadə etməklə xeyli adamı aldadan Ağayev Ağamoğlan Bulud oğlu guya neçə vaxtdır sədrlikdən azad edilib, daha onun şirkətə aidiyyəti yoxdur.

 “Onun həbs edilməsinin sizə bir faydası olmayacaq. Neçə illər bir yerdə işləmişik, mən də onun həbsini istəmirəm. (Ağamoğlan ikilikdə mənə etiraf etmişdi ki, pulun hamısını özünə yox, şirkətə də xərcləyib) Sizə mənzil lazımdır, sizi mənzilsiz qoymayacayıq. Bizim binada boş mənzil qalmayıb, vəziyyətdən çıxış üçün razılaşın, Xırdalanın mərkəzində, gözəl bir yerdə “Proqress 2016” MTK var. Müdiri Emil Səməndərov qardaşımızdır. Onun binasında mənzilini də, maliyyə arayışını da, ödəmə qəbzini də alacaqsan. Amma gərək əlavə 5 min manat da ödəyəsən, başqa cür mümkün deyil”,-dedi.

Aldadıldığıma görə çəkdiyim vicdan əzabından, sıxıntılardan, Ağamoğlandan qurtulmaq üçün razılaşdım. Bankdan 5 min manat kredit götürdüm. 27 avqust 2021-ci ildə mənzil müqaviləsi bağlandı, deyilən qaydada ümumi ödəniş qəbzi verildi, söhbət maliyyə arayışına gələndə Emil etiraz etdi ki, yenə 2500 manat da ödənsin, arayışı sonra verəcəyəm. Mən razı olmadım. Ağayev Ağamoğlan məni yola gətirmək üçün müqavilənin aşağısında öz xətti ilə yazıb qol çəkdi ki, qalan 2500 manatı özü ödəyəcək”.

Ancaq bununla da yazıçının problemi həll edilməyib:

“Ay yarımdan sonra MTK-nın ofisində pul yığan xanım zəng edib, qalan borcu da gətirməyi tələb etdi. Ağayev Ağamoğlan həmişəki kimi sözünün üstündə durmadı. Mənə yenə “xəyalplov” bişirdi ki, o pulu mənzilin təmirində verəcək. Məcbur olub, yenə arayış almaq xatirinə bankdan 2500 manat da götürüb Emilə verdim, mənzilin haqqının tam ödənildiyi barədə maliyyə arayışı aldım. O zaman müqavilədə yazılan 5-ci blokun 89-cu mənzilinin yerləşdiyi 14-cü mərtəbə təzə tikilirdi. “İmzama başımla cavabdehəm”,- deyən Emil Səməndərov başqaları kimi məni də arxayınlaşdırdı ki, uzağı beş-altı aya mənzil hazır olacaq, xəbər edəcək ki, təmirinə başlayaq.

Bir az rahatlansam da, ürəyimdə “yağışdan çıxıb yağmura düşməyimə” şübhələrim vardı. İnternetdən öyrənmişdim ki, Emil Səməndərov bir mənzili dəfələrlə satmağa adətkar imiş. Dələduzluğuna görə 4 dəfə məhkəmədə ittiham olunub, hər dəfə də cərimə cəzası ilə sudan quru çıxıb. Demək, onu qoruyan “güclü əl” vardı. Hər kəsin hünəri ola bilməzdi bu qədər işlərə görə həbs edilməsin, azadlıqda bəy balası kimi gəzsin. Hərəkətlərindən, səsinin tembrindən, qəbuluna gələn adamları hədələməyindən də, görünürdü ki, arxasız deyil”.

Mən Ağayev Ağamoğlana deyəndə, “deyirlər Emil bir evi 4-5 dəfə satır, siz məni başınızdan etmək üçün bilərəkdən problemli binaya caladız”, cavab verirdi ki, “o, özündən əvvəlki rəislərin vaxtında satılanları satır, özü tikdirdiyi 5-ci blokda təkrar satış yoxdur. Bu binanın “krışası” böyük adamdır, korrupsiya idarəsi daim binaya, mənzillərin satışına nəzarət edir”.

Müraciətdə bildirilir ki, artıq binada 14 və 15-ci mərtəbələr də tikilib, lakin hələ ki, mənzillərin divarları hörülməyib, boş meydan vəziyyətindədir: 

“Vətəndaşlar da, nəhayət, 17 ildir gözləməkdən bezib oktyabr ayından səslərin ucaltmağa, haqqlarını aramsız tələb etməyə başlayıblar. Çoxsaylı müraciətlərə görə Emil Səməndərova cinayət işi açılıb və 26 dekabrda həbs qətimkan həbs tədbiri seçilib. Məlum olub ki, 364 mənzilin 90 faizi hər biri 4 adama satılıb. Mindən çox adamın pulu alınıb, yeyilib, aldanılıb”. 

R.Yerfi inanmır ki, bu qədər pulu Emil Səməndərov tək mənimsəyib: 

“Yeyintinin həcmi Emilin boğazının ölçüsünə uyğun deyil. Qanunsuzluq onun əli ilə edilib, indi də “hünəri” sənədləşdirilib, “əziyyəti” nəzərə alınaraq mühafizəli “istirahətə” göndəriləcək. Yəqin ki, dörd-beş il burjuy kimi dincələndən sonra şərti cəza alıb, azadlığa çıxacaq. Vəssalam, dələduzların böyük “oyununun” nikbin finalı...

Bəs Ağamoğlan deyirdi ki, binaya nəzarət edilir, bu, necə nəzarətdir, əksər hər mənzil 4 şəxsə satılıb? On ildən çoxdur bu binaya sanki “zəlzələ” düşüb. Onlarla mənzil payçıları şəkərdən, infarktdan dünyasını dəyişiblər.  “YouTube”-da son beş ildə “Proqress 2016” MTK-ya aid etiraz videoları ilə aşıb-daşır. Doğrudanmı, yüzlərlə insanın boğazından kəsib mənzil almaq üçün verdikləri pullar havaya gedəcək? Doğrudanmı, bu qədər adamı dövlətimizdən, hökumətdən acıqlı, narazı salacaqlar?..

İllərdir davam edən bu “unikal” dələduzluqdan yüzlərlə edilən şikayətlər nəticəsində daha, yuxarıdakı bütün səlahiyyətlilər xəbərdardırlar. Hazırda istintaqda ifadəmizi və əlimizdəki sənədlərin əsillərini alıb biz zərərçəkmişlərə vəd edilir ki, heç kəs diqqətdən kənarda qalmayacaq, hamının bu və ya digər formada zərəri ödəniləcək. Daim aldadıldığımıza görə adamın heç inanmağı gəlmir.

Ancaq inanmaqdan başqa çarəmiz də yoxdur. Ümid sonda ölür”. 

Cebhe.info